Güləşçilərimizdən daha bir medal

XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycan daha bir qızıl medal qazanıb.

“Sportliqa” xəbər verir ki, güləş yarışlarında Azərbaycan pəhləvanı Cəbrayıl Hacıyev 65 kq çəki dərəcəsində qalib olmaqla komandasına 8-ci qızıl medalı qazandırıb.

Qalib güləşçi finala gedən yolda David Patsinaşvilini (Gürcüstan), Hamza Duhan Dumanı (Türkiyə), yarımfinalda isə Umar Mavlayevi (İsveçrə) məğlub edib. Finaldakı rəqibi, rusiyalı Batırbek Tsxovrebov qarşılaşmanın əvvəlində 4:0 hesabı ilə irəli çıxıb, ancaq möhtəşəm geridönüş edən yerli pəhləvan Cəbrayıl Hacıyev qələbə qazanmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Azərbaycan komandasının Bakı-2019-da artıq 8-ci qızıl medalıdır.

Qeyd edək ki, bununla da güləş yarışlarına yekun vurulub. Azərbaycan güləşdə 18 idmançı ilə təmsil olunub və bunlardan 16-sı medal qazanıb.

Hazırda Azərbaycanın 8 qızıl, 5 gümüş və 3 bürünc medalı var və medal siyahısında liderdir.

Paylaş